Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin İsveçrəyə başlayan səfərində əsas mövzu mədəniyyət məsələləri olacaq. Bu barədə Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov İsveçrə radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, İ.Əliyev İsveçrədə Azərbaycan mədəniyyətinə dair tədbirlərin açılışını keçirəcək. Tədbirlər 6 gün davam edəcək.
İki ölkə üçün maraq doğuran digər problemlərlə bağlı sualın cavabında E.Əmirbəyov deyib: “Zənnimcə, İsveçrə enerji əməkdaşlığı sahəsində Azərbaycanın onun əsas tərəfdaşı olmasında maraqlıdır”.
İsveçrə idarəetmə modelinin Azərbaycana tətbiqinin mümkünlüyündən danışan səfir deyib: “İsveçrə uzun demokratiya ənənəsinə malikdir, bizimki isə 1991-ci ilə aiddir. Bizim dərhal həll olunmayan çoxsaylı problemlərlə qarşılaşdığımızı nəzərə alsaq, başa düşmək olar ki, prioritet təhlükəsizlik və mövcudluğumuzla bağlı məsələlərə verilib”.
“Biz Avropa Şurasının üzvü olduqdan sonra demokratik normalar əsasında vətəndaş cəmiyyətinin yaradılması məqsədilə əsas siyasi islahatların aparılması üzrə uzun yol keçilib. Sözsüz ki, bir neçə əsrdir bu sahədə təcrübəsi olan İsveçrə modeli bizim üçün faydalı ola bilər”,-deyə səfir vurğulayıb.
Azərbaycanda insan hüquqlarının təminatına toxunan səfir bildirib: “Mən Azərbaycan prezidentinin narahatlığına səbəb görmürəm. O, həm AŞPA-da Azərbaycan nümayəndəliyinin rəhbəri, həm də dövlət başçısı kimi ölkənin Avropa dövlətləri ailəsinə yaxınlaşması yolunda çox işlər görüb”.
İsveçrə radiosunun xahişilə Türkiyə və Ermənistan arasında münasibətlərin inkişafını şərh edən səfir bildirib: “Mən deməzdim ki, biz bu iki ölkənin yaxınlaşmasından narahatıq. Çünki biz regionda bərqərar olan müəyyən sabitlikdən razıyıq. Hər halda bu ikitərəfli münasibətlərin regionun kontekstindın kənara çıxmaması bizim üçün vacibdir”.