SOCAR şirkətinin “Azəriqaz” İstehsalat Birliyi regional şöbələrində yeni kompüter sisteminin tətbiqinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
“Hazırda 56 rayondan 54-də kompüter təchizatı prosesi başlayıb. Qalan iki rayonda – Naftalanda oktyabrın sonlarında, Kürdəmirdə isə 2010-cu ilin əvvəllərində başa çatdırılacaq”,-deyə məlumatda vurğulanır.
SOCAR-ın məlumatına görə, bu işlər abunəçilərə xidmətin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilir. Çünki indiyədək rayon və kənd qaz istismar sahələrində xidmətlər primitiv üsulla həyata keçirilib.
“Beləliklə, 2010-cu ildə abunəçinin istifadə etdiyi qazın qeydiyyatı, onun uçotunun aparılması, həmçinin qaz haqlarının poçt şöbələri və banklar vasitəsilə ödənilməsi üçün daha əlverişli sistemdən istifadə olunacaq”,-deyə məlumatda vurğulanır.