İsrailin Beer-Şeva şəhərində Azərbaycan müqənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirə gecəsi keçirilib. “İsrail-Azərbaycan” (Azİz) Beynəlxalq Assosiasiyasının məlumatında bildirilir ki, gecənin təşəbbüsçüsü və rejissoru Azərbaycan dövlət mükafatı laureatı, uzun illər Azərbaycan televiziyasında rus redaksiyasına rəhbərlik etmiş Nina Yarovayadır. Gecə Absorbsiya Nazirliyi və Beer-Şeva şəhər bələdiyyəsinin dəstəyilə təşkil olunub. Bu şəhərdə əslən Azərbaycanda olan çoxminlilk icma yaşayır.
M.Maqomayevi şəxsən tanıyan və onunla işləyən N.Yarovaya o zaman çox gənc olan, lakin böyük ümidlər verən müğənninin haqqında “Yeni görüşlərədək, Müslüm” sənədli filmini necə çəkdiyindən danışıb.
Gecədə Azərbaycan və Rusiyanın tanınmış musiqi xadimləri çıxış edərək müğənni ilə birgə işləri haqda xatirələrdən danışıblar. Rusiyanın əməkdar artisti Mixail Parxomovski deyib ki, qeyri-adi musiqi ulduzu – Müslüm Maqomayev hər zaman parlayacaq. Azərbaycanın əməkdar artistləri Tofiq Mirzəyev və “Qaya” Azərbaycan Dövlət Ansamblının rəhbəri Teymur Mirzəyev də dahi müğənni ilə dostluq və birgə işlərindən danışıblar.
“Mən İsraildəki Azərbaycan nümayəndəsinin təmsilçisi olaraq, zalda dahi həmyerlimizin ifasında “Azərbaycan” mahnısının və Azərbaycan bəstəkarlarının digər əsərlərinin səslənməsindən xüsusi hisslər keçirirəm. Müslüm Maqomayev əsil vətənpərvər kimi öz vətənini –Azərbaycanı tərənnüm etməkdə davam edir. Hamının sevimlisi olan həmyerlimizin məxməri və təsirli səslə “Əlvida, Bakı, səni bir daha gorməyəcəm” mahnısı eşidiləndə zalda çoxlarının gözləri yaşardı”,-deyə Azərbaycan Mədəniyyət Mərkəzinin (İsrail) direktoru Yeganə Salman bildirib.