“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) maliyyələşdirmək üçün sahibkarlardan investisiya təkliflərinin qəbulunu elan edib. Bu barədə AİŞ-in elanında bildirilir.
Qeyd olunur ki, sahibkarlar AİŞ-ə şirkət tərəfindən müəyyən olunmuş prioritet istiqamətlərə uyğun investisiya layihələrini təqdim etməlidirlər. Bunlar ASK sahəsində kiçik və orta istehsalat və emal müəssisələrinin yaradılması; müxtəlif tipli qablaşdırıcı məmulatların (tara, karton və plastik kütlədən) istehsalı; alternativ elektrik enerjisi mənbələrinin yaradılımasıdır.
İnvestisiya layihələrinin qiymətləndirilməsi zamanı istehsal olunan məhsulun keyfiyyəti, onun rəqabət qabiliyyətliliyi, ixrac imkanlarının olması, analoji idxal məhsulu əvəzləməsinin mümkünlüyü, layihənin iqtisadi baxımdan effektivliyi, layihənin dəyəri, avadanlığın texniki xarakteristikası, kadr potensialı və s. kimi meyarlar nəzər alınacaq.
Layihələrin maliyyələşdirilməsi sahibkarların, AİŞ-in və onun törəmə strukturlarının vəsaitləri, həmçinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına həyata keçirilə bilər. Bu halda AİŞ həmin layihələrin maliyyələşdirilməsində iştirak zamanı investor kimi çıxış edəcək və investisiya obyektinin kapitalında nəzarət payına malik ola bilməz.
AİŞ həmçinin investisya layihələrinə dair bəzi tələbləri irəli sürür. Bunlar layihənin iqtisadi və maliyyə əsaslandırılmasının olması, onun dəyərinin manatla göstərilməsidir.
Sahibkarlardan investisiya təkliflərinin qəbuluna 2009-cu il noyabrın 1-dən başlanacaq.
“Azərbaycan İnvestisiya Şirkəti” SC prezident İlham Əliyevin 30 mart 2006-cı il tarixli fərmanı ilə yaradılıb. Şirkətin nizamnamə kapitalı 90 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. SC-nin əsas vəzifəsi ayrı-ayrı SC və qeyri-neft sektorundakı digər kommersiya təşkilatlarının payını alaraq onlara uzunmüddətli investisiya qoyuluşunu həyata keçirməkdir.