Gürcüstanda Azərbaycan orta məktəblərində gürcü dili üzrə olimpiada keçiriləcək. Bu barədə Kvemo-Kartli (Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları yer) regionunun qubernator müavini Hüseyn Yusifov bildirib.
“Kvemo-Kartli qubernatorunun təşəbbüsü ilə Gürcüstandakı Azərbaycan orta məktəblərində gürcü dili üzrə biliklərin yoxlanması üçün olimpiada keçiriləcək”,-deyə H.Yusifov bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən qurumun rəhbəri Nazim İbrahimovla görüşə istinadən məlumat verilib.
H.Yusifov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə orta məktəblərdə gürcü dili kurslarının açılmasını yüksək qiymətləndirib. O bildirib ki, Kvemo-Kartli regionunun qubernatoru Dvid Kirkitadze bu ilin sonuna kimi Azərbaycana səfər edəcək.
Görüş zamanı Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, təhsil və torpaqla bağlı həll edilməyən bəzi məsələlər, onların həlli yolları, soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyasını nəzərdə tutan layihələr haqqında fikir mübadiləsi aparılıb.