“Azerfon” şirkəti 3G texnologiyası üzrə rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bütün tələblərini yerinə yetirib. Bu barədə şirkətin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Əziz Axundov cümə axşamı mətbuat konfransında bildirib.
“Biz 3G texnologiyası üzrə mobil rabitə xidmətlərinin göstərilməsi üçün RİTN-in irəli sürdüyü tələblərin hamısını yerinə yetirmişik və hesab edirik ki, liseniziyanın alınmasında problem olmayacaq. Dekabrda “Azerfon” 3G texnologiyası üzrə öz imkanlarının təqdimatına başlayacaq və hər rüb yeni xidmətlər göstərəcək”,-deyə Ə.Axundov vurğulayıb.
Onun sözlərinə görə, 3G texnologiyası göstərilən mobil rabitə xidmətinin keyfiyyətini tamamilə yeni səviyyəyə qaldıracaq.
Xəbər verildiyi kimi, 3G mobil rabitəsi üzrə lisenziyaya görə dövlət rüsumunun həcmi 11 min manat təşkil edir. Lisenziyanın verilməsi Rabitə Nazirliyinə həvalə olunub.
2009-cu ilin sentyabrında Nazirlər Kabineti 3G texnologiyası (üçüncü nəsil şəbəkəsi) üzrə mobil rabitə xidmətləri göstərmək məqsədilə lisenziya almaq üçün vacib olan şərtlərin siyahısını təsdiqləyib. Nazirlər Kabinetinin qərarına görə, bu lisenziyanı almaq üçün şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat; şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası barədə məlumat; təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi barədə məlumat; 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat; «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi təqdim edilməlidir.
“Azerfon” MMC kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də “Nar Mobile” ticarət markası adı altında başlayıb. Şirkətin abonentlərinin sayı 1,5 mln. manat təşkil edir.