A-QROUP sığorta şirkəti 2009-cu ilin yanvar-sentyabr aylarında tədiyə yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% – 5 mln. 679,4 min manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə A-GROUP-un tədiyələrinin əsas hissəsi könüllü tibbi sığorta üzrə əldə olunub Bu növ üzrə haqlar 9 ayda 4 mln. 903,9 min manat və ya hesabat dövründə bütün tədiyələrin 86,3%-ni təşkil edib.
Bundan əlavə, kompleks avtomobil sığortası üzrə tədiyələr 377 min manat, yanğından icbari sığorta üzrə 30,6 min, bədbəxt hadisələrdən sığorta üzrə 27 min manat təşkil edib.
9 ayda A-QROUP-un həyata keçirdiyi ödənişlər 3 mln. 400,4 min manat təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrünün göstəricisindən 19,7% çoxdur.
Ödənişlər strukturunda əsas hissə könüllü tibbi sığorta üzrə ödənişlərin payına düşüb - 3 mln. 267 min manat. Bundan əlavə, kompleks avtomobil sığortası üzrə ödənişlər 97,2 min manat təşkil edib.
Qalan ödənişlər sığortanın digər könüllü və icbari növlərinin üzərinə düşüb.
A-QROUP ASC sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 1,55 mln. manata bərabərdir. Şirkət ölkənin 10 aparıcı sığorta şirkəti sırasına daxildir və könüllü tibbi sığorta üzrə tədiyələrin həcminə görə liderdir. Şirkət sığortanın 17 növü üzrə xidmət göstərir.