Maliyyə Nazirliyi noyabrın 10-da Bakı Fond Birjasında (BFB) 7 mln. manat məbləğində bir seriyalı dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Nominal dəyəri 200 manat olan 10308122S seriyalı 35 min istiqrazın tədavül müddəti 182 gün, kağızların ödəniş tarixi 11 may 2010-cu ildir.
DQİ-nin emissiya həcminin 20%-dən çox olmayan qeyri-rəqabətli ərizələr hərraca buraxılır. DQİ-nin emissiyası ölkənin bank sektorunda inflyasiya proseslərini tənzimləyən manatın izafi likvidliyini minimallaşdırmaq məqsədilə həyata keçirilir.
DQİ-nin yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 2002-ci il avqustun 29-da bağlanmış saziş əsasında keçirilir.
2009-cu ildə Maliyyə Nazirliyi 1,1 mlrd. manat məbləğində DQİ yerləşdirməyi planlaşdırır.