Çərşənbə axşamı Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçirilib. Forumda iki ölkənin prezidentləri İlham Əliyevlə Danilo Türk iştirak edib.
Tədbirdə çıxış edən İ.Əliyev bildirib ki, D.Türkün Azərbaycana səfəri bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə təkan verəcək. O qeyd edib ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması buna hərtərəfli imkanlar yaradır.
Öz növbəsində Sloveniya prezidenti yüksək qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına dərin minnətdarlığını bildirib. Öz ölkəsinin informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji mənbələri və digər sahələrdə uğurlar qazandığını qeyd edən D.Türk Sloveniyanın öz təcrübəsini Azərbaycanla yaxından bölüşməyə və bu sahədə sıx əməkdaşlığa hazır olduğunu bildirib.
Biznes- forumda Sloveniyanı 70, Azərbaycanı 90 sahibkar təmsil edib.