ABŞ prezidenti Barak Obama bazar ertəsi İen Kellini ABŞ-ın ATƏT-də yeni səfiri təyin etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2009-cu ilin mayından İ.Kelli ABŞ Dövlət Departamentində mətbuat katibi işləyib və nazir-müşavir rütbəsinə malikdir. 2009-cu ilin yanvarından maya kimi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininin səlahiyyətlərini icra edib, Rusiya, Ukrayna, Moldova və Belarus məsələləri üzrə cavabdeh olub. 2007-ci ildən 2009-cu ilədək Dövlət Departamentinin Rusiya şöbəsinə rəhbərlik edib. 2004-2007-ci illərdə ABŞ-ın NATO-dakı missiyasında çalışıb. İ.Kelli müxtəlif illərdə ABŞ-ın Moskva, Sankt-Peterburq, Ankara, Vyana, Belqraddakı səfirliklərində və konsulluqlarında çalışıb. Rus dilini sərbəst danışır. Kolumbiya Universitetində rus ədəbiyyyatı üzrə doktorluq dissertasiyasını müdafiə edib.
İ.Kellinin səfir postuna namizədliyi Amerika Senatı tərəfindən təsdiqlənib.