Azərbaycan hökuməti 2014-cü ilədək yük daşımalarının həcminin 2009-cu il üçün gözlənilən göstərici ilə müqayisədə 28,6% -249,4 mln. tonadək artacağını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hökumətin proqnozlarına görə, 2009-cu ilin yekunlarına əsasən yük daşımalarının həcmi 193,9 mln. ton, 2010-cu ildə 209,6 mln. ton, 2011-ci ildə 223 mln. ton, 2012-ci ildə 233 mln. ton təşkil edəcək.
2010-2013-cü illərdə yüklərin ən böyük həcmi əvvəlkitək avtomobil nəqliyyatı ilə daşınacaq.
Proqnozlara görə, 2013-cü ildə avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 129,7 mln. ton (2009-cu il üçün gözlənilən göstərici ilə müqayisədə 36,5% atrım) təşkil edəcək.
2013-cü ildə dəmir yolu ilə daşımaların həcmi 30 mln. ton (artım 25%), dəniz nəqliyyatı ilə 15,4 mln. tonadək (artım 16,6%), aviasiya ilə 0,07 mln. (artım 2,3 dəfə) təşkil etməlidir.
2013-cü ildə boru kəmərləri vasitəsilə daşımaların həcmi 74,2 mln. tona (artım 20,2%) çatmalıdır.
Bakı-Tiflis-Ceyhan neft kəməri ilə neft nəqlinin həcmi 2013-cü ildə 40,9 mln. ton (artım 12,9%) səviyyəsində proqnozlaşdırılır. 2010-cu ildə BTC boru kəməri ilə 40,2 mln. ton, 2011-ci ildə 42,4 mln. ton, 2012-ci ildə 38,1 mln. ton neft nəql olunacaq.