Azərbaycan Beynəlxalq Bankı – Moskva $15,5 mln. və 10 mln. avro məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə bankın saytında yerləşdirilmiş məlumatda deylir.
Məlumatda qeyd olunur ki, ABB-Moskva Azərbaycan Beynəlxalq Bankının zəmanətilə LIBOR + 4% dərəcə və 364 gün müddətinə $15,5 mln. və 10 mln. avro məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.
Sindikatlaşdırılmış kreditin aparıcı təşkilatçıları Rosemount Global Trade Finance Fund, VTB Bank (Austria) AG Vienna və VTB Bank (France) SA-dır. Həmçinin Banque de Commerce et de Placements, Commercial Bank of India LL Moscow, FBN Bank (UK) və Credit Europe Bank N.V. əqdin iştirakçılarıdır.
Cəlb olunmuş vəsaitlər ticarət maliyyələşdirilməsi üzrə əməliyyatların aparılmasına yönəldiləcək.
“İlkin olaraq əqd üzrə bəyan edilmiş məbləğ $15 mln.-a bərabər olub. Dünya maliyyə bazarında qeyri-sabit vəziyyətə baxmayaraq, ABB-Moskva sindikatlaşdırılmış krediti cəlb edə bilib ki, bu da bankın mürəkkəb iqtisadi şəraitdə sindikatlaşdırılmış kredit üzrə öhdəliklərini dəqiq yerinə yetirməsindən və Qərb kreditorlarının ona inamından xəbər verir”,-deyə məlumatda bildirilir.
Rusiya bazarında fəaliyyət göstərdiyi 7 il ərzində ABB-Moskva dəfələrlə xarici banklardan iri məbləğdə kredit alıb. 2005-ci ildən beynəlxalq maliyyə bazarında kreditlərin ümumi məbləği $130 mln.-u ötüb.
ABB-Moskva 2002-ci ildə ABB-nin törəmə strukturu kimi təsis edilib. Hazırda bankın şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburqda 12 satış ofisini əhatə edir.