Çərşənbə günü Bakıda “Dünya uşaq ədəbiyyatının inciləri” 1-ci Bakı Beynəlxalq sərgi açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Sərgiyə dünyanın bir çox dillərində 1,5 mindən artıq kitab məhsulları təqdim olunacaq. Belə ki, Azərbaycanda akkreditə olunan 20-dən çox səfirlik sərgiyə həm öz dillərində, həm də rus dilinə və başqa xalqların dillərinə çevrilmiş 20-dən 100-dək kitab təqdim ediblər.
Sərgidə ilk stend “Azərbaycan mənim Vətənimdir”, “Qarabağ”, “Milli mənəvi dəyərlər” və digər mövzularda Azərbaycan uşaq ədəbiyyatına həsr olunacaq. Sərgidə məqsəd qiraət mədəniyyətinin, həm dünya uşaq ədəbiyyatı, həm də yerli uşaq kitablarından nümunələrin, onların müəlliflərinin təbliğidir.
Sərgi dekabrın 14-dək davam edəcək. Lakin əgər bütün arzu edən məktəblilərin sərgiyə baxmaq imkanları olmasa, sərginin vaxtı uzadılacaq. Müxtəlif ölkələrin səfirlikləri tərəfindən hədiyyə edilən kitablar Kitab Fondunda nadir kitab nüsxələri kimi saxlanılacaq və tələbat olduqca oxuculara veriləcək.
Sərginin açılışında kitab nəşrlərinin, nəşriyyat işçilərinin, Bakı məktəblərinin şagirdlərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.