“DemirBank” Hollandiyanın SHS mikromaliyyə fondundan $5 mln. məbləğində kreditin cəlb olunmasını planlaşdırır. Bu barədə bankın məlumatında bildirilir.
Qeyd olunur ki, “DemirBank” və Hollandiyanın SHS mikromaliyyə fondu $5 mln. məbləğində kreditin cəlb olunması haqqında kredit müqaviləsi imzalayıblar.
Cəlb olunan vəsaitlər sahibkarlığın kreditləşməsinə yönələcək. Kredit vəsaitləri üç il müddətinə verilir ki, bu da banka sahibkarlığın kreditləşməsi sahəsində əlavə maliyyə mənbələrinin təmin olunmasına imkan yaradacaq.
“DemirBank” iri və orta kreditlərin verilməsilə yanaşı kiçik kreditləşmə və mikrokreditləşməyə böyük diqqət yetirir. Kiçik kreditlər və mikrokreditlər bir çox sahibkarlara öz fəaliyyətini genişləndirməyə imkan verir ki, bu da əhalinin geniş təbəqəsinin məşğulluğunun və rifahının artırılmasına xidmət edir”,-deyə məlumatda bankın İdarə Heyətinin sədr maüvini Yusif Cabbarova istinadən bildirilir.
“DemirBank” Avropa Yenidənqurma və İnkişaf, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya maliyyə inkişaf şirkəti (FMO), Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniya-Azərbaycan Fondu, həmçinin Almaniya investisiya şirkəti (DEG), Beynəlxalq İnkişaf Fondu (OFİD), Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası, Rosemount Global Ticarət-maliyyə fondu (ABŞ), BANIF (Portuqaliya), SIFEM AG İnvestisiya Fondu (İsveçrə), ING BANK (Niderland) və digər beynəlxalq təşkilatlarla müxtəlif kredit proqramları üzrə əməkdaşlıq edir.
“DemirBank” (əvvəllər “Azərdəmiryolbank”) 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. “Azərdəmiryolbank”ın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Səhmdarların sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm), Hollandiya maliyyə inkişaf şirkəti (FMO, 10%) var.
“Azərdəmiryolbank” 2008-ci ilin birinci yarısının yekunlarına görə “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 310-cu, Azərbaycanın 37 bankı arasında 9-ci yeri tutub.