SOCAR (Dövlət Neft Şirkəti, ARDNŞ) Moody’s Investors Service beynəlxalq reytinq şirkətinin yüksək reytinqini alacağına ümid edir. Bu barədə SOCAR-ın rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
SOCAR çərşənbə axşamı Moody`s nümayəndələri üçün öz fəaliyyətinin təqdimatını keçirib. Qurumla şirkətə reytinqin verilməsi ilə bağlı müqavilə imzalanıb.
“Tədbirdə çıxış edən SOCAR başçısı Rövnəq Abdullayev qeyd edib ki, reytinqin alınması üçün 2008-ci ildə Fitch Ratings reytinq agentliyi, bu il isə Moody`s ilə müqavilə bağlanıb. 2009-cu ilin sentyabrında Fitch Ratings SOCAR-a beynəlxalq reytinq verib. R.Abdullayev əmin olduğunu bildirib ki, Moody`s nümayəndələri SOCAR-ın göstəriciləri ilə tanış olduqdan sonra şirkətə müvafiq yüksək reytinq veriləcək”,-deyə məlumatda qeyd olunur.
R.Abdullayev öz çıxışında deyib ki, SOCAR 100%li dövlət şirkəti olsa da, tam kommersiya müəssisəsi kimi fəaliyyət göstərir.
O, SOCAR-ın əsas fəaliyyət istiqamətlərindən, son illər əldə etdiyi nailiyyətlərdən, xaricdə şirkətin iştirak etdiyi irimiqyaslı layihələrdən danışıb.
O qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində əsas iştirakçılardan birinə çevrilib.
R.Abdullayevin sözlərinə görə, SOCAR təklif edilən bütün layihələri diqqətlə öyrənir və minimal risklərə və böyük gəlirliliyə malik layihələrə üstünlük verir. O bildirib ki, bu il şirkət yeni strukturda kəşfiyyat və qazma işlərinə başlayıb. Aparılan işlər nəticəsində yaxın vaxtlarda Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi daha da artacaq.
SOCAR-ın İqtisadiyyat və Uçot İdarəsinin birgə layihələr şöbəsinin rəisi Ənvər Qasımov öz çıxışında şirkətin strukturu, onun törəmə şirkətləri, istehsalat göstəriciləri və həyata keçirilən obyektlər haqqında danışıb.
Xəbər verildiyi kimi, sentyabrda Fitch beynəlxalq reytinq agentliyi "BB+" uzunmüddətli defolt emitent reytinqini və qısamüddətli RDE "B" reytinqini verib.