Azərbaycan cümə axşamı Bakıda beynəlxalq elmi olimpiadada iki gümüş və yeddi bürünc medal qazanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin olimpiadanın bağlanışından verdiyi məlumata görə, 20 qızıl, 60 gümüş və 84 bürünc medalın oynanıldığı yarışların ilkin yekunları Rusiyanın qalib olduğundan xəbər verir.
Gənclər və idman naziri Azad Rəhimov olimpiadanın bağlanışında çıxış edərək bildirib ki, iştirakçılar 8 unudulmaz gün keçiriblər. “Əminəm ki, olimpiada iştirakçıları burada özlərinə çoxlu dost tapıblar və gələcəkdə bu unsiyyəti davam etdirəcəklər. Medal qazana bilməyən iştirakçılar isə Nigeriyada keçiriləcək növbəti olimpiadada daha uğurla çıxış edəcəklər”,-deyə nazir vurğulayıb.
Xarici işlər nazirinin müavini Hafiz Paşayev jurnalistlərə bildirib ki, belə tədbirlər bir tərəfdən respublikanın elmi potensialını göstərir, digər tərəfdən isə xarici qonaqların ölkəni daha yaxından tanımasına, onun mədəniyyətinə, ənənəsinə bələd olmasına imkan yaradır. “Hər iştirakçı burda təkcə özünü yox, həm də öz ölkəsini təmsil edir. Belə tədbirlər yeniyetmələrə elmin inkişafı və karyera yüksəlişi üçün böyük imkanlar yaradır”,-deyə o qeyd edib.
Olimpiada dekabrın 3-dən 11-dək keçirilib. Tədbirdə dünyanın 49 ölkəsindən 600-dan çox 15 yaşında uşaq iştirak edib. İştirakçılara fizika, kimya və biologiya üzrə 30 test tapşırığı verilib. Hər fənn üzrə 10 sual olub.