Azərbaycan və Rusiya Xəzərdə nərə ovuna moratoriumun təminatında əməkdaşlıq edə bilərlər. Bu barədə RF Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov bildirib.
“Bu gün Xəzərdə nərə ovuna moratorium mövzusu müzakirə edilir. Rusiya bu təşəbbüsü fəal dəstəkləyir. Azərbaycanın baş naziri Artur Rəsizadə ilə danışıqlar zamanı da məlum oldu ki, Azərbaycan belə moratoriumun tətbiqinə tərəfdardır”,-deyə K.Markelov cümə günü Bakıda danışıqların yekunları üzrə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə,razılaşma əldə olunduğu halda bu moratoriumun təminatı üçün iki ölkənin fəaliyyətini koordinasiya etmık lazım gələcək.
K.Markelov bildirib ki, A.Rəsizadə ilə görüş zamanı Həştərxan vilayəti ilə əməkdaşlıq haqqında yeni sazişin hazırlanması üzrə işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub. Saziş beş il müddətinə və dəqiqləşdirilmiş qarşılıqlı fəaliyyət sahələri nəzərdə tutulub. Rusiya tərəfi Həştərxan vilayətində limanların inşasına Azərbaycan investisiyalarının cəlb olunmasında maraqlıdır.
“Azərbaycan səhiyyə, elm və təhsil sahələrində əməkdaşlıqda maraqlıdır. Biz Həştərxan ali məktəblərində azərbaycanlı tələbələr üçün kvotanı artırmağa hazırıq”,-deyə vitse-qubernator bildirib. O qeyd edib ki, hazırda vilayətin ali məktəblərində 67 nəfər Azərbaycan vətəndaşı təhsil alır.