Azərbaycan prezidenti İlham Əliyev Bakının Buzovna qəsəbəsindəki məscidin bərpadan sonra açılışında iştirak edib. Bu barədə “AzərTac” Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Bu məscid Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində bərpa olunub.
Buzovna baş məscidinin inşasına 1896-cı ildə başlanılsa da, 1900-cu ildə tikinti işləri dayandırılıb.Təkrar tikinti işlərinə 1918-ci ildə başlanılıb. Lakin sovet hakimiyyətini qurulması ilə əlaqədar məscidin yarımçıq binasından anbar və mağaza kimi istifadə olunub.
2007-ci ildə qəsəbə sakinləri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məscidin bərpa olunması xahişilə müraciət ediblər. Bərpa işlərinə 2007-ci ilin fevralında başlanılıb.
Məscidin ərazisində eyni vaxtda 500 adam ibadət edə bilər.
Prezident İlham Əliyev məscidin binası ilə tanış olub, burada yaradılan şəraitdən razı qaldığını bildirib.
Qəsəbə sakinləri dövlət başçısına müsəlmanların müqəddəs kitabı olan “Quran” bağışlayıblar.