Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Xırdalan şəhərində İkinci Dünya və Qarabağ müharibələri əlilləri, eləcə də şəhid ailələri üçün yaşayış evinin açılış mərasimində iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füsuli Ələkbərov İ.Əliyevi bu 81 mənzilli binanın 4 hektar ərazidə tikilməsi barədə məlumatlandırıb. Binada əlillərin rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Prezident mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib. O bəyan edib ki, dövlətin əlillər, şəhid ailələri və Qarabağ müharibəsinin veteranlarına qayğısı davam etdiriləcək. İ.Əliyev bunun dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu qeyd edib.
Eləcə də dövlət başçısı Abşeron rayon İcra hakimiyyətinin yeni inzibati binasının açılışında da iştirak edib. Bu dördmərtəbəli binada İcra hakimiyyəti işçilərinin fəaliyyəti üçün hər cür şərait yaradılıb.