Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının aprelin 12-30-da Berndə (İsveçrə) keçiriləcək yaz sessiyasında iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərpoçt” Dövlət Şirkətindən məlumat verilib.
"Sessiyada poçt rabitəsi sahəsində aktual məsələlər müzakirə olunacaq", - deyə “Azərpoçt”un nümayəndəsi bildirib.
Onun sözlərinə görə, sessiya çərçivəsində həmçinin İttifaqın Poçt Əməliyyatları Şurasının plenar iclası keçiriləcək. İclasda görülmüş işlərin yekunları müzakirə ediləcək.
Azərbaycan 2008-ci ildə Ümumdünya Poçt İttifaqının iki ali orqanına – İnzibati Şuraya və Poçt İstismar Şurasına üzv seçilib. İttifaqın rəhbər orqanlarına üzvlük Azərbaycana poçt rabitəsinin inkişafına dair yekun qərarların formalaşmasına təsir etmək imkanı verir.