“Azneft” İstehsalat Birliyi (İB) (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) 2009-cu ildə 6 mlrd.801.62 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11 % azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Şirkətin məlumatına görə, həmin müddətdə SOCAR “Şahdəniz” layihəsindəki payı çərçivəsində 526,27 mln. kubmetr qaz, quru yataqlarını işləyən birgə müəssisələr (BM) və əməliyyat şirkətlərində (ƏŞ) payı çərçivəsində 65 mln. kubmetr qaz alıb.
Bundan başqa 2009-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində SOCAR-a 3 mlrd. 901,75 mln. kubmetr (artım 46,7%) səmt qazı verilib. Bundan əlavə, SOCAR bu dövrdə “Şahdəniz” yatağından çıxarılan 747,38 mln. kubmetr (azalma 64,9%) qaz alıb.
Azərbaycanda quruda neft-qaz hasilatı ilə 6 ƏŞ – “Salyan Oil Ltd” (SOL, “Kürsəngi” və “Qarabağlı” yataqlarını işləyir”, Karasu Oрerating Comрany (KOC – “Kəlaməddin” və “Mişovdağ”), Gobustan Operating Company (Cənub-qərbi Qobustan), “Binagadi Oil” (“Binəqədi”), “AzShengli” (“Pirsaat”) və “Shirvanoil” Azərbayan-Britaniya (“Şimali Gürovdağ”, “Mərkəzi Gürovdağ”, və “Cənubi Gürovdağ”) və 2 BM – ANSHAD Petrol Azərbaycan-Malayziya-Türkiyə (“Neftçala”) və “AzGerneft” Azərbaycan-Almaniya (“Ramana”) məşğul olur.
“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları - Britaniyanın BP (34,1367%-operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7%), Azərbaycanın SOCAR (10%), Yaponiyanın “Inpex Corp.”(10%) və “ITOCHU Oil” (3,9205%), Norveçin “Statoil” (8,5633%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir. “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən səmt qazı Azərbaycana pulsuz verilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Layihənin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKOİL” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.