Azərbaycanın Belçikadakı səfirliyi çərşənbə günü Brüsseldə 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
Tədbir Azərbaycanın müstəqilliyi uğrunda öz canlarından keçən günahsız qurbanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın Belçikada və Avropa Birliyi yanında səfiri Emin Eyyubov giriş nitqi ilə çıxış edərək respublikanın tarixində yanvar hadisələrinin tarixindən, öz xalqının azadlığı uğrunda əsarətə qarşı çıxan qəhrəmanların şərəfli missiyasından danışıb. O xatırladıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə həmin hadisələrə siyasi-hüquqi qiymət verilib. H.Əliyev Moskvada olarkən o zamankı ölkə rəhbərliyinin ünvanına ittihamedici bəyanatla çıxış edib.
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Kamil Xasıyev öz çıxışında qeyd edib ki, bu günkü müstəqil, çiçəklənən Azərbaycan hüznlü, lakin eyni zamanda şərəfli günlərdə başlanmış mübarizənin uğurla nəticələndiyini təcəssüm etdirir. Sonra hadisənin şahidləri öz xatirələri ilə bölüşüblər. 1990-cı ilin yanvar faciəsinə həsr olunmuş “Azadlığa doğru aparan yol” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Azərbaycan diasporunun, ölkə ictimaiyyətinin nümayəndləri, diplomatlar, tələbələr və KİV nümayəndələri iştirak ediblər.