“Daşınmaz əmlak bazarının iştirakçıları” İctimai Birliyinin ekspertləri 2010-cu ildə dövlətin daşınmaz əmlak bazarının inkişafına dəstək göstərilməsini vacib hesab edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birlikdən məlumat verilib.
“Daşınmaz əmlak bazarının iştirakçıları” daşınmaz əmlak bazarının öyrənilməsi və bazarda vəziyyətin aylıq təhlilinin hazırlanması ilə məşğul olur.
Birlik ekspertlərinin rəyinə görə, 2009-cu ildə müsbət məqam Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsinin bərpası olub.
“2009-cu ildə 1,8 mindən çox vətəndaş 70 mln. manatdan çox ipoteka krediti alıb. 2010-cu ildə AİF 75 mln. manat məbləğində istiqrazın yerləşdirilməsini planlaşdırır. Büdcə vəsaitləri nəzərə alınmaqla ipoteka üzrə maliyyələşdirmənin həcmi 100 mln. manata yaxın təşkil etməlidir”,-deyə birlikdən qeyd olunub.
Lakin ekspertlər bu həcmin 2010-cu il üçün kifayət olmadığını hesab edirlər.
“AİF-in proqnozlarına görə, cari ildə ipoteka kreditlərinə tələbat xeyli artacaq. Bizim təhlillər göstərir ki, bazarda fəallığın artırılması üçün ipoteka maliyyələşdirməsinin həcmini minimum 2,5-3 dəfə artırmaq lazımdır”,-deyə o əlavə edib.
Xəbər verildiyi kimi, AİF iyunun 1-dən 18 müvəkkil bankın vasitəsilə ipoteka kreditlərinin verilməsini bərpa edib. İpoteka kreditləri kommersiya şərtləri ilə dövlət büdcəsinin vəsaitləri hesabına yox, fondun öz istiqrazının buraxılışından əldə etdiyi vəsaitin hesabına verilir.
AİF-in şərtləri ilə ümumi məbləği 76 mın. manat həcmində ipoteka kreditini 2009-cu ilin iyun-dekabr aylarında 1,8 min nəfər alıb. Ümumilikdə, AİF-in xəttilə ipoteka kreditlərinin verildiyi vaxtdan, 2006-cı ilin martından 3,8 min nəfərə ümumi məbləği 152 mln. manat həcmində ipoteka krediti verilib.