Hökumət Kənd Təsərrüfatı Nazirliyinə arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətini verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
«Bu səlahiyyətlər baş nazir Artur Rəsizadənin təsdiqlədiyi «Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları»nda öz əksini tapıb», - deyə bildirilib.
Kənd Təsərrüfatı Nazirliyinə bu nəzarəti həyata keçirmək məqsədilə arıcılıq təsərrüfatlarında yoxlamalar aparmaq səlahiyyəti verilib. Qaydalarda qeyd olunur ki, arıcılıq təsərrüfatlarında belə yoxlamalar İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarının iştirakı ilə həyata keçirilə bilər. Bundan başqa, arıcılıq təsərrüfatlarında belə yoxlamalar 10 gündən artıq davam edə bilməz. Zərurət yarandıqda, yoxlama müddəti səlahiyyətli orqanın rəhbərinin qərarı ilə 30 günə qədər artırıla bilər.
Qaydalara görə, dövlət nəzarəti bal arı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasını; arıçılıq subyektləri tərəfindən müvafiq qanunvericiliyə, normativ sənədlərin tələblərinə, baytarlıq-sanitariya qaydalarına riayət edilməsini, keyfiyyətli arıçılıq məhsulları istehsalının və dövriyyəsinin təmin olunmasını nəzərdə tutur.