2009-cu ildə Azərbaycanda enerji sisteminin gücü 4,4% - 6 min meqavatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” SC-dən məlumat verilib.
"Hazırda Azərbaycanın enerji sistemi 13 istilik və 6 su elektrik stansiyasından ibarətdir", -deyə SC-nin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 2009-cu ildə enerji sisteminin gücünün artırılmasına “Şahdağ” və “Sumqayıt” elektrik stansiyalarının istismara verilməsi, “Azərbaycan” İES-nın 3-c2 və 4-cü bloklarının yenidən qurulması sahəsində nail olunub.
Agentliyin müsahibi əlavə edib ki, son 6 il ərzində 2 min meqavattdan artıq həcmdə yeni enerji gücləri istismara verilib ki, bu da Azərbaycanın enerji təhlükəsizliyini təmin edib.
"İstehsal olunan elektrik enerjisinin 90%-i İES-nin, yerdə qalanı isə İES-nin payına düşür. Bu, nəinki təkcə daxili tələbatı ödəməyə, həm də elektrik enerjisinin qonşu ölkələrə ixracını təşkil etməyə imkan verir", -deyə o qeyd edib.
Cəmiyyətin nümayəndəsi bildirib ki, hazırda “Azərbaycan” İES-nın 2-ci, 5-ci və 8-ci bloklarının yenidənqurulması üzrə işlər davam edir. "Yenidənqurmanın 2010-cu ildə baş çatdırılması planlaşdırılır. Stansiyanın 5 blokunun yenidən qurulması nəticəsində (3-cü və 4-cü bloklar da daxil olmaqla - İF) respublikanın enerji sisteminə 450 meqavatt əlavə enerji daxil olur", -deyə o əlavə edib.
Bundan başqa, qrafikə uyğun olaraq Şirvanda “Cənub” elektrik stansiyasının tikintiksi davam etdirilir. "Bu stansiyanın 2011-ci ildə işə salınması respublikanın cənub regionunun enerji təhlükəsizliyini möhkəmləndirməyə, eyni zamanda ildə orta hesabla 1 mln. tonadək yanacağa qənaət etməyə imkan verəcək", - deyə o qeyd edib.