2009-cu ildə Azərbaycanın su təchizatı və kanalizasiya sistemlərinin infrastrukturunun yaxşılaşdırılması və inkişafı üçün investisiya qoyuluşları 248,9 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildirilib.
“2009-cu ildə su təchizatı və kanalizasiya sistemlərinə investisiyalar üç mənbədən: dövlət büdcəsindən, Dövlət Neft Fondundan və beynəlxalq maliyyə institutlarının investisiyalarından həyata keçirilib”, - deyə agentliyin müsahibi qeyd edib.
Onun sözlərinə görə, 2009-cu ildə su təchizatı və kanalizasiya sektoruna büdcə investisiyaları 93,5 mln. manat təşkil edib. Həmçinin Bakıda və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 37,8 mln. manat, ölkənin digər bölgələrinə isə 5,9 mln. manat, beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən layihələrdə dövlət payının maliyyələşdirilməsinə 37,5 mln. manat yönəldilib.
Öz növbəsində, beynəlxalq maliyyə institutlarının kreditləri şəklində sektora xarici investisiyaların həcmi 35,4 mln. manat təşkil edib.
Dövlət Neft Fondunun vəsaitlərindən investisiyalar 120 mln. manat təşkil edib. Bu həcm Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasının maliyyələşdirilməsinə yönəldilib.
“Cari ilin əvvəlində 418,9 min abunəçi və ya abunəçilərin ümumi sayının 42,6%-i su sayğacları ilə təmin edilib. Bakıda 331,5 min abunəçi və ya paytaxt abunəçilərinin ümumi sayının 61,2%-i su sayğacları ilə təmin edilib”, - deyə o qeyd edib.
Agentliyin müsahibi qeyd edib ki, 2009-cu ildə göstərilmiş xidmətlərə görə istehlakçılar tərəfindən 79,7 mln. manat və ya göstərilmiş xidmətlərin ümumi həcminin 71,7%-i ödənilib. Bununla yanaşı, əhali istifadə edilmiş xidmətlərin 53,7%-ni, digər təşkilatlar isə 92,7%-ni ödəyib. “Ümumilikdə, 2009-cu ildə göstərilmiş xidmətlərə görə ödənişlərin yığım səviyyəsi 2008-ci illə müqayisədə 4,9 mln. manat və 6,6% artıb”, - deyə nümayəndə vurğulayıb.