Bakı metropoliteni 3 yeni stansiyasının – “Əcəmi-2”, “Avtovağzal” və “Azadlıq Prospekti” metrostansiyalarının tikintisinə başlayıb. Bu barədə metropolitenin rəisi Tağı Əhmədov mətbuat konfransında bildirib.
“Artıq bu stansiyaların tikintisi üzrə işlər aparılır. “Əcəmi-2” və “Avtovağzal” stansiyaları metronun gələcək yeni qolunun tərkib hissələri olacaq. Yeni stansiyalar 5 vaqonlu deyil, 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulacaq, tunellərin diametri isə 5,8 metr təşkil edəcək”, - deyə T.Əhmədov bəyan edib.
O qeyd edib ki, stansiyaların inşası üçün 2010-cu ilin sonunadək Azərbaycana tunel qazan maşınlar gətiriləcək.
Metropolitenin rəisi onu da deyib ki, 2010-cu ilin sonunadək – 2011-ci ilin əvvəlində Ba”kı metropoliteni “Əzizbəyov” metrostansiyasının yenilənmiş çıxışını istismara verməyi planlaşdırır. “Burada köhnə beton çıxışın yerində 26 metr hündürlüyündə şüşə piramida inşa ediləcək. Podratçı şirkət tender əsasında seçiləcək”, - deyə T.Əhmədov bildirib.
Onun sözlərinə görə, bir sıra metrostansiyaların adlarının dəyişdirilməsi nəzərdə tutulur. “Bu qərar yalnız ölkə başçısının sərəncamı ilə qəbul olunur. Məndə olan məlumata görə, “Əzizbəyov”, “Ulduz” və “İnşaatçılar” metrostansiyalarının adları dəyişdirilə bilər”, - deyə T.Əhmədov söyləyib.
O həmçinin qeyd edib ki, Bakı metropoliteni cari ildə 50-60 yeni vaqon almağı planlaşdırır.
“Əvvəllər biz vaqonları Mıtişinsk vaqonqayırma zavodundan (Rusiya) alırdıq, ancaq indi Siemens, Alstom, “Bombardir və Cənubi Koreya şirkətləri kimi alternativ variantları nəzərdən keçiririk. Artıq bununla bağlı danışıqlar aparılır və tezliklə müsbət nəticə əldə olunacağına ümid edirik. Bununla yanaşı, biz 3-4 vaqon alınması praktikasından əl çəkərək, iri partiyalarla – 50-60 vaqon almaq niyyətindəyik”, - deyə metropolitenin rəisi vurğulayıb.
Bir sıra metrostansiyaların əlavə çıxışlarının açılması planlarına toxunan T.Əhmədov qeyd edib ki, 2010-cu ildə həyata keçirilməsi nəzərdə tutulan bu proses qeyri-müəyyən müddətə təxirə salınıb.
“Elmlər Akademiyası” stansiyasının Bakı Dövlət Universitetinin həyətinə, “Nizami” stansiyasından isə Akademik Dram Teatrına yeni çıxışın açılması planlaşdırılır. Bundan başqa, sərnişinlər “Sahil” metrostansiyasından əvvəllər Nəsimi heykəlinin yerləşdiyi yerlə yanaşı əraziyə, “İçərişəhər” stansiyasından isə Milli Parka düşə biləcəklər”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, metropolitenin inkişafı layihəsinə əsasən, 2040-cı ilədək stansiyaların sayının 70-ə çatdırılması planlaşdırılır ki, bunun da 21-i artıq fəaliyyətdədir.