Azərbaycan ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər 2009-cu ildə 97 mln. manat məbləğində gəlir əldə ediblər ki, bu da 2008-ci ilin göstəricisindən 1,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, 2010-cu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 452 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərib. 2009-cu ildə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 22,1% artıb, həmin obyektlərdəki nömrələrin sayı isə 9,2% artaraq 13,964 min təşkil edib.
2009-cu ildə mehmanxana və mehmanxana tipli obyektlərin gəlirlərinin 65,6%-i otaqların satışı, 19,3%-i otellərdə qida məhsullarının satışı, 7,9%-i müalicə-sağlamlıq xidmətlərinin göstərilməsi, 7,2% digər xidmətlərin payına düşüb.
Ümumilikdə, 2009-cu ildə mehmanxanalarda 424,2 min turist (azalma 2%) yerləşdirilib. Ötən il mehmanxanalarda 215,4 min nəfər azərbaycanlı (artım 3,8%), 208,8 min nəfər xarici vətəndaş (azalma 6,8%) yerləşdirilib.
2010-cu ilin əvvəlinə mehmanxana və mehmanxana tipli obyektlərdə 5 937 nəfər çalışıb (artım 5,7%).