Azərbaycan sahibkarları ASK sektorunda 6 investisiya layihəsinin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən 16,7 mln. manat alacaqlar. Bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev cümə axşamı jurnalistlərə məlumat verib.
"Sahibkarlar üç istiqamət üzrə 16 investisiya layihəsini kreditləşdirilmək üçün fonda təqdim ediblər. Diqqətli analizdən sonra 6 layihənin kreditləşdirilməsi məqsədəuyğun sayılıb", - deyə icraçı direktor bildirib.
Onun sözlərinə görə, seçilmiş layihələrin ümumi dəyəri təxminən 53 mln. manat təşkil edir ki, bunun da 16,7 mln. manatını SKMF-in kredit vəsaitləri təşkil edəcək.
Ş.Abdullayev qeyd edib ki, uşaq qidası istehsalı üzrə layihənin kreditləşdirilməsinə 5 mln. manat ayrılacaq. "Fonda təqdim olunmuş üç layihədən biz birinin kreditləşdirilməsini məqsədəuyğun hesab etmişik. Bu layihənin ümumi dəyəri 13 mln. manat təşkil edir, fondun vəsaitlərindən kreditlər 5 mln. manat məbləğində olacaq", - deyə o vurğulayıb.
Bundan başqa, daha 9,7 mln. manat məbləğində kredit ən azı 100 baş mal-qara üçün heyvandarlıq-südçülük komplekslərinin yaradılması ilə bağlı 3 layihənin həyata keçirilməsinə ayrılacaq. Bu layihələrin ümumi dəyəri təxminən 37 mln. manat təşkil edir.
Fondun rəhbəri əlavə edib ki, üzüm emalı üzrə kiçik və orta müəssisələrin yaradılması ilə bağlı iki investisiya layihəsinin həyata keçirilməsinə 2 mln. manat məbləğində kredit ayrılacaq.
"Bu 6 layihə üzrə maliyyələşmə mərhələli şəkildə aparılacaq. Biz sahibkarlarla kreditləşmənin qrafikini müəyyən edəcəyik", - deyə o qeyd edib.
Seçilmiş layihələrin maliyyələşdirilməsi “2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq malları ilə davamlı təminatı Dövlət Proqramı”nın gerçəkləşdirilməsi çərçivəsində həyata keçiriləcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 36 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir. 2009-cu ildə fond 2,1 min layihənin həyata keçirilməsi üçün 130 mln. manat güzəştli kredit ayırıb. 2010-cu ildə fond sahibkarların kreditləşdirilməsi üçün SKMF-ə ən azı 115 mln. manat məbləğində kredit ayırmağı planlaşdırır.