Azərbaycanın dövlət bayrağı və gerbi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən qeydiyyata alınıb. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Bu qərar 20 mart 1883-cü il tarixli Paris Konvensiyasının sənaye mülkiyyətinin mühafizəsi üzrə 6-ter maddəsinə uyğun olaraq onların qorunması məqsədilə verilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ÜƏMT-ə rəsmi müraciəti əsasında qurumun Beynəlxalq Bürosu tərəfindən qeydiyyata alınmış dövlət rəmzləri haqqında rəsmi bülletendə məlumat çap edilib. Həmçinin, ÜƏMT-ın rəsmi saytında qeydiyyata alınmış dövlət rəmzlərinin təsvirləri yerləşdirilib.
Paris Konvensiyasının 6-ter maddəsinə uyğun olaraq, dövlət bayraqları, gerbləri, emblemləri, rəsmi möhürləri, damğalarının əmtəə nişanı kimi və ya nişanlarda xüsusi element kimi qeydiyyatı və istifadəsinə yol verilmir.
Azərbaycan Respublikası sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına 25 dekabr 1995-ci ildə qoşulub.