2010-cu ildə Azərbaycanda orta illik inflyasiya 6-7% təşkil edəcək. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev cümə günü mətbuat konfransında məlumat verib.
"2009-cu ilin I yarısında deflyasiya müşahidə edilib, cari ilin I yarısında isə qiymətlərin artımı nəzərə çarpır. Lakin 2010-cu ilin II yarısında qiymətlər sabitləşəcək və cari ildə inflyasiyanın həcmi 6-7% təşkil edəcək", - deyə A.Vəliyev bildirib.
O qeyd edib ki, fevral ayı ilə müqayisədə mart ayında Azərbaycanda inflyasiya 1,3%, mart ayının yekunlarına görə orta illik inflyasiya 3,8% təşkil edib.
Xəbər verildiyi kimi, 2009-cu ildə Azərbaycanda orta illik inflyasiya 1,5% təşkil edib.
2010-cu il üçün Azərbaycan hökuməti orta illik inflyasiyanı 3%-dək səviyyədə proqnozlaşdırır.