2010-cu ilin I rübündə xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 67,4% - 405 mln. 794,1 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider olub. Onların həcmi 203 mln. 97,7 min manat və ya bütün investisiyaların 50,1%-ni təşkil edib (artım 70,6%).
ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 73 mln. 223,8 min manat həcmində olub (artım 34,4%)
Bundan başqa, yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına Yaponiya şirkətləri 38 mln. 337 min manat (artım 72,8%), Norveç şirkətləri 23 mln. 824 min manat (artım 70,1%), Türkiyə şirkətləri 18 mln. 878,5 min manat (artım 69,1%), Cənubi Koreya şirkətləri 8 mln. 168 min manat, Rusiya şirkətləri 1 mln. 937,2 min manat, Səudiyyə Ərəbistanı şirkətləri 1 mln. 923 min manat, Çexiya şirkətləri 1 mln. 772,3 min manat, Fransa şirkətləri 538,4 min manat məbləğində investisiya qoyuluşları həyata keçirib.
Cari ilin I rübündə beynəlxalq təşkilatlar arasında Dünya Bankı 28 mln. 98 min manat (artım 3,1 dəfə), Asiya İnkişaf Bankı 3 mln. 276,2 min manat (artım 2,4 dəfə), İslam İnkişaf Bankı 1 mln. 749,2 min manat (artım 2 dəfə) məbləğində investisiya qoyuluşları gerçəkləşdirib.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.
2009-cu ildə xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları təxminən 1,5 mlrd. manat təşkil edib.