“Azərsu” SC Bakı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və inşası xidmətləri üzrə tender elan edib. Bu barədə idarənin məlumatında deyilir.
Tender 4 lot üzrə keçirilir: məhəllədaxili su anbarlarının və nasos stansiyalarının (lot-1) inşası, məhəllədaxili su şəbəkəsinin inşası (lot-2), “110 Şərq” su anbarının meydançasında 10 000 m3/san. məhsuldarlıqlı su nasos stansiyasının inşası (lot-3), 1 saylı Zığ nasos stansiyasının yenidən qurulması.
Yenidənqurma işləri 2010-cu ilin sonunadək başa çatmalıdır.
Hər bir lotda iştirakın dəyəri 300 manatdır.
Tender təkliflərinin qiymətləndirilməsinin əsas meyarları bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, analoji işlərin yerinə yetirilməsində təcrübə, texniki imkanlar və kadr potensialı.
Tenderdə iştirak etmək istəyən şirkətlər təklifin dəyərinin 1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan tender təkliflərini iyunun 7-dək təqdim etməlidirlər. Tender proseduru iyunun 8-də keçiriləcək.