Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında iştirak etmək üçün Strasburqa yola düşür. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən bildirilib.
“Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 26-dan 30-dək Strasburqda keçiriləcək AŞPA-nın yaz sessiyasında iştirak edəcək”, - deyə cümə günü Milli Məclisdən qeyd edilib.
Nümayəndə heyətinin tərkibinə deputatlar Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Rafael Hüseynov, Aydın Abbasov və Sabir Hacıyev daxildir.
Milli Məclisdən bildirilib ki, sessiyada Assambleya Bürosunun, Daimi Komitənin görülən işlər barədə hesabatları dinləniləcək, ekstremizmlə mübarizə, dünya iqtisadi böhranının təsirləri, Gürcüstan və Rusiya arasında müharibənin nəticələri, miqrantlar və qaçqınlar, iqlim dəyişikliyi, Çernoqoriya tərəfindən AŞ qarşısında öhdəliklərin yerinə yetirilməsinə dair fikir mübadiləsi aparılacaq.