Əmanətlərin Sığortalanması Fondu (ƏSF) iyunun 1-dən fondun üzvü olan bankların əhalidən illik 12%-ə qədər dərəcə ilə cəlb etdiyi əmanətləri sığortalayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Fondun Himayəçilik Şurasının qərarına müvafiq olaraq çərşənbə axşamından etibarən əhalidən illik 12%-dən çox olmayan dərəcə ilə cəlb olunan əmanətlər icbari sığortalanmalıdır.
Bundan başqa, 2010-cu il iyunun 1-nə qədər əhalidən daha yüksək dərəcə ilə cəlb olunmuş və onlar üzrə müqavilənin qüvvədə olma müddətinin başa çatmadığı əmanətlər də sığortalanmalıdır.
Fondun icraçı direktoru Azad Cavadova istinadən verilən məlumata görə, 2010-cu il aprelin əvvəlinə banklarda əhalinin əmanətlərinin həcmi 2 mlrd. 385 mln. manat təşkil edir, bunun 1 mlrd. 678 mln. manatı sığortalanmış əmanətlərdir.
Hazırda əmanətlərin 70%-i sığortalanıb.
Fond 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fond tərəfindən 30 min manat məbləğində əmanət tam ödənilir. Fondun əsas məqsədi bank iflasa uğradıqda və onun depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
43 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.