SOCAR quyuların qazılmasında effektivliyi artırmaq üçün ilk nanoqurğu yaradıb. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Qurğu SOCAR-ın birinci vitse-prezidnti, akademik Xoşbəxt Yusifazədənin rəhbərliyi altında onun müşaviri professor Eldar Şahbazov tərəfindən layihələndirilib və nanobirləşmələrlə doymuş məhlulun hazırlanması üçün nəzərdə tutulub.
Bu qurğu vasitəsi ilə dünya qazma praktikasında ilk dəfə olaraq metal nanohissəciklər əsasında “nanoneft” və “nanobitum” sistemləri yaradılıb, onların qazma məhlullarına təsiri tədqiq olunub. Bu texnologiya “Qum adası”, “Balaxanı”, “Bibiheybət” və “Bəyimdağ-Təkçay” yataqlarındakı bir neçə quyuda müvəffəqiyyətlə tətbiq edilib, quyular qəza və mürəkkəbləşmələr olmadan layihə dərinliyinə vaxtından əvvəl çatdırılıb. “Nanoneft” və “nanobitum” sistemlərinin tətbiqi sayəsində qazma sürəti 1,4 dəfə artıb, genetik enerjiyə 34-35% qənaət edilib.
“Hazırlanmış qurğu müəlliflik şəhadətnaməsi almaq üçün Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub”, - deyə məlumatda vurğulanır.