Azərbaycan alternativ və bərpa oluna bilən enerji mənbələrinin istifadə edilməsinə böyük diqqət göstərir. Bu barədə Sənaye və energetika nazirinin müavini Natiq Abbasov çərşənbə günü Bakıda “Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və perspektivləri” mövzusunda beynəlxalq konfransda bildirib.
“Azərbaycanda sürətli iqtisadi inkişafı nəzərə alaraq, enerji ehtiyatlarının ənənəvi mənbələri ilə yanaşı hazırda alternativ və bərpa oluna bilən enerji mənbələrinin istifadə edilməsinə böyük diqqət göstərilir. Alternativ enerjinin potensialı isə təkcə küləkdən 800 mVt həcmində qiymətləndirilir ki, bu da 2,4 mlrd. kVt/saat elektrik enerjisi hasil etmək olar”, - deyə nazir müavini söyləyib.
Onun sözlərinə görə, ölkə regionlarında kiçik su elektrik stansiyasının tikintisinə böyük əhəmiyyət verilir.
Nazir müavini söyləyib ki, Azərbaycan neft-qaz sahəsində böyük uğurlara nail olub, karbohidrogen və elektrik enerjisi ehtiyatlarının ixracatçısına çevrilib. “Bu il ərzində ölkədə 52 mln. ton neft və 30 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir”, - deyə N.Abbasov qeyd edib.
Qeyd edək ki, konfrans Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyinin beynəlxalq eko-enerji akademiyası, AMEA, və USAID tərəfindən təşkil olunub.