“Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək” Tvininq layihəsi Avropa Komissiyasının dəstəyi ilə Avropa Qonşuluq Siyasəti Faəliyyət Planı çərçivəsində həyata keçirilmiş 225 Tvininq layihəsi arasında ən uğurlu 4 layihədən biri seçilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin həyata keçirdiyi layihə 225 Tvininq layihəsi arasında ən uğurlu 4 layihədən biri olub ki, bu da Avropa Komissiyasının Tvininq, TAİEX və Sigma layihələri ilə bağlı 2009-cu ilin yekunlarına dair bu yaxınlarda açıqladığı hesabatında öz əksini tapıb. Tvininq layihəsi 2004-2010-cu illər ərzində Avropa Komissiyasının dəstəyi ilə Avropa Qonşuluq Siyasəti Faəliyyət Planı çərçivəsində həyata keçirilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bundan sonra da Avropa Komissiyasının müvafiq qurumları ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Azərbaycanda Tvininq layihəsi 2008-ci il oktyabrın 1-dən Hollandiya və Latviyanın müvafiq qurumlarının dəstəyi həyata keçirilir. Məqsəd Azərbaycan mənşəli balıq məhsullarının Avropa İttifaqına ixracını təmin etmək üçün Dövlət Xidmətinin müvafiq sahədə çalışan əməkdaşlarının peşəkarlığının artırılmasıdır.
2010-cu ilin 1 yanvar tarixindən etibarən Azərbaycan balıq kürüsünün Avropa İttifaqına idxalına icazə verilən üçüncü ölkələr siyahısına daxil edilib. Hazırda digər növ balıq məhsullarının Avropa İttifaqına ixracı üçün icazənin alınması istiqamətində işlər davam etdirilir.