Qarabağ nizamlanması üzrə danışıqlarda uğura nail olmaq üçün Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etibar mühiti yaratmaq lazımdır. “Daşnaksütyun” Ermənistan İnqilabi Federasiyasının “Hay dat” İrəvan ofisinin rəhbəri Kiro Manoyan belə hesab edir.
“Bu gün Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar iki dövlət arasında aparılır, lakin uğura nail olunması üçün iki ölkənin vətəndaş cəmiyyətləri arasında etibar mühiti yaratmaq lazımdır”, - deyə iki erməni siyasətçi ilə birgə Bakıda Sosialist İnternasionalının MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə Bakıda keçirilən regional toplantısında iştirak edən K.Manoyan jurnalistlərə bildirib.
“Daşnaksütyun”nun nümayəndəsi sülh danışıqlarının öz müsbət nəticəsini verəcəyinə əmin olduğunu bildirib.
K.Manoyan bildirib ki, “Türkiyə Qarabağ münaqişəsinin həllində neqativ rol oynayır”. “Protokalları (10 oktyabr 2009-cu il tarixdə Sürixdə imzalanmış, Türkiyənin Ermənistanda, Ermənistanın isə Türkiyədə diplomatik nümayəndəliklərinin təsis edilməsini, o cümlədən Ermənistan-Türkiyə sərhədlərinin açılmasını nəzərdə tutan protokollar- İF-Az) Qarabağ məsələsini əsas şərt kimi önə qoyan rəsmi Ankaranın mövqeyinə görə qüvvəsini itirmiş hesab etmək olar. Lakin Ermənistan tərəfi bu şərti heç zaman qəbul etməyəcək”, - deyə o bildirib.
Bununla yanaşı, o ümidvar olduğunu bildirib ki, əgər Türkiyə nə zamansa öz şərtlərini geri götürərsə, Ermənistan və Türkiyə arasında normallaşma prosesi davam etdiriləcək. “Lakin hələlik biz Türkiyənin bu məsələyə dair öz fikrini dəyişməsini görmürük”,- deyə o bildirib.
Manoyan həmçinin 2010-cu il 18 iyun tarixində ermənilər tərəfindən qətlə yetirilmiş milli qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması məsələsini də şərh edib. “Həqiqətən də bir meyit neytral zonadadır, lakin Ermənistan onu götürməyib, azərbaycanlılar isə onu götürə bilər”, - deyə o bəyan edib. Bununla belə o, cəsədin götürülməsi üçün təhlükəsizliyin təmin edilməsi məsələsini şərh etməyib.