Azər Əliyev daha iki il müddətinə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri olacaq. Bu barədə ASA-nın məlumatında bildirilib.
Xəbər verildiyi kimi, A.Əliyev 2009-cu ilin sentyabrında ASA-nın Müşahidə Şurasının sədri vəzifəsinə seçilib və onun səlahiyyətlərinin müddəti cari ilin sentyabrında bitib. Cari ilin sentyabrında Müşahidə Şurası A.Əliyevin növbəti 2 ilə Müşahidə Şurasının sədri vəzifəsinə seçilməsini təklif ediblər.
“Oktyabrın 8-də ASA üzvlərinin ümumi yığıncağında Azər Əliyev daha iki il müddətinə Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri seçilib. İclasda SA-nın 28 üzvündən 27-si iştirak edib”, - deyə məlumatda deyilib.
Bundan əlavə ASA üzvlərinin ümumi yığıncağında ASA-nın 2010-cu ilin III rübündə gördüyü işlərin hesabatı, üzvlük haqqlarının ödənilməsi ilə bağlı məsələ, ASA-nın cari il üçün büdcəsinin icrası üzrə maliyyə hesabatı müzakirə edilib.
ASA 2006-cı ilin dekabrında iki sığorta cəmiyyətinin – Azərbaycan Sığortaçılar Birliyinin (ASB) və Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının (ASCİ) birləşməsi yolu ilə yaranıb. ASA-nın yaradılmasında məqsəd Azərbaycanda sığorta bazarının inkişafını təmin etmək, həmçinin sığorta bazarının problem və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.