Fransanın AXA şirkəti “MBASK”ın səhmlərinin 51%-ni əldə edib. Bu barədə “MBASK” SŞ-nın Direktorlar Şurasının sədri Eldar Qəribov cümə axşamı mətbuat konfransında bildirib.
“AXA Avropa Yenidənqurma və İnkişaf Bankının səhmlərinin 30%-ni və Eldar Qəribova məxsus olan səhmlərin 21%-ni alıb. Beləliklə də AXA “MBASK” Sığorta Şirkətinin səhmlərinin 51%-ni əldə edib”, - deyə E.Qəribov bildirib. Nizamnamə kapitalının 49% bərabər olan səhmlərin qalan hissəsi şirkətin səhmdarı Eldar Qəribovda qalacaq.
Cümə axşamı şirkətin səhmlərinin 51%-nin Fransanın AXA şirkətinə satışına dair sənədlərin imzalanması baş tutub. “AXA Group”-un törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” şirkəti “MBASK” Sığorta Şirkətində səhmdar olacaq.
Bununla yanaşı E.Qəribov kommersiya sirrinə əsaslanaraq maliyyə şərtlərini açıqlamayıb.
E.Qəribov Mbask şirkətinn adının "AXA-Mbask" ilə əvəz olunmasını da istisna etməyib. “Bu gün yeni tərkibdə səhmdarların iclası keçiriləcək və bu məsələ müzakirə ediləcək”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, AXA-nın şirkətin səhmdarı olması ilə əlaqədar şirkətin direktorla şurasının və idarə heyətinin tərkibində dəyişikliklər ediləcək.
“Belə ki, “AXA Segorus Generales” tərəfindən “MBASK”ın Direktorlar Şurasına 3, İdarə Heyətinə isə 2 namizəd irəli sürüləcək. Səhmdar Eldar Qəribov isə Direktorlar Şurasının sədri olaraq qalacaq. Şirkətin İdarə Heyətinə gəldikdə isə onun tərkibi 3-dən 5-ə qədər artırılacaq. Bununla yanaşı onlardan 3-ü Azərbaycan tərəfini, daha 2-si - Şirkətin İdarə Heyətinin sədri və maliyyə direktoru AXA tərəfindən təyin ediləcək”, - deyə o bildirib.
MBASK SC İdarə Heyəti Sədrinin Birinci Müavini Rəşad Abbasov mətbuat konfransında bildirib ki, AYİB 2005-ci ilin yanvarından şirkətin səhmdarıdır. “Bu müddət ərzində AYIB şirkətin biznes proseslərinin təkmilləşməsinə, onun institusional inkişafına, idarəetmənin korporativ standartlarının tətbiqinə töhfə verib”, - deyə o vurğulayıb.
AXA MedLa Region (Aralıq dənizi və Latın Amerikasi Regionu) şirkətinin yeni bazarların inkişafı üzrə direktoru Frederik Fleju AXA-nın MBASK-ın səhmdarının olmasının 3 məqsədini qeyd edib: “Birincisi Azərbaycanın sığorta bazarının əhəmiyyətli potensialını görürük, ikincisi Mbask gələcək inkişaf üçün ixtisaslaşdırılmış kadr potensialına malikdir, üçüncüsü biz fəaliyyətimiz ərzində dünyanın 57 ölkəsində qazandığımız təcrübə ilə bölüşmək istəyirik”, - deyə o vurğulayıb.
AYİB Azərbaycanda və eləcə də bütövlükdə, regionda sığorta və maliyyə sahələrinin inkişafına uzunmüddətli tərəfdaşlığını nümayiş etdirmişdir. Biz inanırıq ki, AXA-nın Azərbaycana gəlişi ölkənin sığorta sektorunun inkişafında mühüm mərhələ olacaq, həmçinin MBASK Avropanın lider sığortaçılarından birinin rəhbərliyi ilə inkişafını davam etdirməyə hazırdır. AYİB ölkənin maliyyə sahəsinin dəstəklənməsi üçün yeni imkanlarının axtarışını davam etdirəcəkdir”, - deyə AYİB-in Bakı ofisinin rəhbəri Frensis Deley bildirib.
Mbask 1992-ci ildə yaradılıb və tədiyə yığımının həcminə görə ölkənin aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Hazırda şirkətin nizamnamə kapitalı 5,73 mln. manata bərabərdir.