“Alfa Sigorta” şirkəti 2010-cu ilin yanvar-sentyabr aylarında tədiyə yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə - 1 mln. 670,420 min manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən bildirilib.
Şirkətin məlumatına görə, hesabat dövründə könüllü sığorta növləri üzrə tədiyə yığımı 1 mln. 623,082 min manat təşkil edib. Həmçinin bədbəxt hadisələrdən sığortalanma üzrə tədiyə yığımı 609,442 min manat, avto-sığorta üzrə 813,661 min manat, əmlakın yanğından və digər risklərdən sığortalanması üzrə tədiyə yığımı 101,351 min manat təşkil edib.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə tədiyə yığımı 47,338 min manat, həmçinin yanğından icbari sığorta üzrə 42,806 min manat təşkil edib.
Qalan tədiyələr digər könüllü və icbari sığorta növlərinin payına düşüb.
Hesabat dövründə “Alfa sığorta” şirkəti 168,307 min manat məbləğində sığorta ödənişi edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,7% azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə üzrə bütün ödənişlər 165,807 min manat, bədbəxt hadisələrdən sığortalanma üzrə 28,095 min manat, avto-sığorta üzrə 94,128 min manat təşkil edib.
İcbari sığorta növləri üzrə ödənişlər 2,5 min manat təşkil edib və hamısı yanğından sığortanın payına düşüb.
Qalan ödənişlər digər könüllü sığorta növlərinin payına düşüb.
“Alfa Sigorta” fəaliyyət üçün lisenziyanı 1997-ci ildə alıb. 2005-ci ilin yanvar ayına qədər “Murad” SK kimi fəaliyyət göstərib. 2005-ci ildə şirkət yeni təsisçi əldə edib və adını “Alfa Sigorta” ilə əvəz edib. Şirkətin yeganə səhmdarı “Texnikabank” ASC-dir.