Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısında iştirak edib. Bu barədə MŞ-nin mətbuat xidmətindən məlumat verilib.
Toplantı oktyabrın 19-dan 22-dək Türkiyənin Kayseri şəhərində bu ölkənin nüfuzlu media qurumlarının təmsilçiləri, siyasi xadimlər və dövlət rəsmilərinin iştirakı ilə keçirilib.
Səfər çərçivəsində Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetəcilər Federasiyası arasında anlaşma protokolu imzalanıb. Protokolda Azərbaycan jurnalistlərinin Türkiyədə düzənlənəcək media peşəkarlığı seminarlarına qatılmaları, Türkiyənin media ekspertlərinin Azərbaycana səfərlərinin təşkili, qurumların hər iki ölkənin media təşkilatları arasında əlaqələrin dərinləşdirilməsində vasitəçilik etmələri, birgə layihələr gerçəkləşdirmələri nəzərdə tutulub. Sənəddə TQF-nin növbəti toplantılarından birinin Azərbaycanda təşkili də əksini tapıb.