2010-cu ildə Gəncədə və ətraf rayonlarda vərəm xəstəliyinə yoluxanların sayında artım müşahidə olunmayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Gəncə Şəhər Ağ Ciyər Xəstəlikləri Dispanserinin baş həkimi Əli Rüstəmov məlumat verib.
“Bu, xəstələrin mütəmadi olaraq klinikalara müraciət etməsi və müalicə alması ilə əlaqədardır”, - deyə həkim vurğulayıb.
Onun sözlərinə görə, hesabat dövründə dispanserə xəstəliyin ilkin mərhələsində olan 176 nəfər müraciət edib ki, bu da 2009-cu illə müqayisədə 6 nəfər azdır.
“Ötən il bizim dispanserdə 17 yaşına qədər 13 xəstə olub, 2009-cu ildə isə belə uşaqların sayı 26 olub”, - deyə o bildirib.
Ə.Rüstəmov onu da deyib ki, 20 yaşdan 50 yaşadək xəstələrdə yoluxma halları daha çox aşkarlanıb, yoluxma qadınlarla müqayisədə kişilərdə daha tez-tez müşahidə olunur.
“Ötən il regionda 22 nəfər vərəm xəstəliyindən dünyasını dəyişib, bununla yanaşı, təkcə Gəncədə 16 belə hadisə qeydə alınıb”, - deyə baş həkim əlavə edib.
O deyib ki, ötən il yaşayış massivlərində, tədris müəssisələrində əhali arasında mobil rentgen aparatı və flüoroqrafiya vasitəsilə müayinə həyata keçirilib, bu il belə müayinələr davam etdiriləcək.
Gəncə Şəhər Ağ Ciyər Xəstəlikləri Dispanseri regionun 6 rayonuna xidmət göstərir.