2010-cu ildə Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşması üzrə tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən investisiyalar 74,58 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin göstəricisindən 20,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Bakı və Abşeronun su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşmasına dövlət investisiya qoyuluşlarının ümumi həcmindən 45,82 mln. manat, ölkənin digər regionlarına 5,99 mln. manat, ekoloji proqramlara 12,16 mln. manat, dövlət zəmanəti ilə cəlb edilmiş kreditlərin hesabına tikilən obyektlər üzrə Azərbaycanın payının maliyyələşdirilməsinə 10,61 mln. manat yönəldilib”, - deyə hökumətdən qeyd edilib.
Bundan başqa, 2010-cu ildə bu məqsədlər üçün beynəlxalq təşkilatların 7,6 mln. manat məbləğində kreditləri istifadə edilib, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən 199,6 mln. manat yönəldilib.
“2010-cu ildə büdcə vəsaitlərinin hesabına 70,3 kilometr uzunluğunda su kəməri və 71,3 kilometr uzunluğunda kanalizasiya xətti çəkilib, 350 min su sayğacı quraşdırılıb. Bundan başqa, ümumi həcmi 23,45 min kubmetr olan 13 su anbarı, 5 nasos stansiyası və bir kanalizasiya stansiyası tikilib, bir su anbarı, üç nasos stansiyası və bir kanalizasiya nasos stansiyası bərpa edilib”, - deyə hökumətdə vurğulayıblar
O cümlədən ötən il Bakıda və Abşeronda ümumi uzunluğu 30,7 km olan su kəmərləri, 71,3 km uzunluğunda kanalizasiya xətləri çəkilib, 285,4 min sayğac quraşdırılıb. Həmçinin hesabat ilində ümumi tutumu 22,7 min kubmetr olan 11 su anbarı tikilib.