Azal Sigorta şirkəti 2010-cu ildə əldə etdiyi 1 mln. 137,5 min manat məbləğində mənfəəti nizamnamə kapitalının artırılmasına yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən bildirilib.
Xəbər verildiyi kimi, şirkəti ödənilmiş nizamnamə kapitalı 3,1 mln. manat təşkil edir, lakin şirkət hazırda kapitalın 4,6 mln. manatadək artırır.
Şirkətin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən 2010-cu ildə şirkətin vergiöncəsi mənfəəti 2 mln. 109,724 min manat təşkil edib (2009-cu illə müqayisədə azalma 16,3%). Bununla yanaşı vergiöncəsi mənfəətin əsas hissəsi – 1 mln. 137,5 min manat nizamnamə kapitalının artırılmasına yönəldiləcək.
Ötən il ərzində şirkətin xərcləri 16 mln. 380,248 min manat, həmçinin sığorta hadisələri üzrə ödənişləri – 4 mln. 528,209 min manat, sığorta işinin aparılmasına – 490,007 min manat, tədiyələr üzrə qaytarılma – 305,485 min, təkrarsığortaya verilmiş risklər – 10 mln. 993,044 min manat təşkil edib. Qalan xərclər başqa maddələrin payına düşüb.
Şirkətin 2010-cu il ərzində xalis mənfəəti 676,668 min manat təşkil (azalma 65,6%) edib.
2010-cu ildə şirkətin aktivləri 3 dəfə – 19 mln. 462,257 min manatadək artıb, məcmu kapitalı 3,1 dəfə - 9 mln. 945,842 min manatadək, öhdəlikləri 2,8 dəfə– 9 mln. 516,415 min manatadək artıb.
2010-cu ildə şirkətin banklardakı depozitləri 8 dəfə - 5 mln. 910,230 min manatadək artıb.
“Azal sığorta” ASC sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları Azərbaycanın Silk Way şirkəti (66,67%), Azərbaycan Hava Yolları Dövlət Konserni (AzAL) (20,26%), hər biri 13,07% iki fiziki şəxsdir. Şirkət tədiyyə yığımı üzrə 5 aparıcı şirkət sırasındadır. 1 yanvar 2011-ci il tarixinə şirkətin nizamnamə kapitalı 8 mln. 137 min manata bərabərdir.