“Azərfon” MMC (Azərbaycanda mobil rabitə operatoru) Azərbaycanda 4G texnologiyasını tətbiq edəcək. Bu barədə şirkətin məlumatında bildirilir.
“Azərfon” həmçinin 2G və 3G şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Şəbəkənin genişləndirilməsi və müasirləşdirilməsi “Nokia Siemens Networks”lə imzalanmış müqavilə çərçivəsində aparılacaq. Şəbəkənin genişləndirilməsi üzrə işlər artıq başlayıb və 2011-ci ilin sonunda başa çatdırılacaq.
Müqaviləyə əsasən, şəbəkənin müasirləşdirilməsinin birinci ilində “Azərfon” Azərbaycanda üstün şəbəkə keyfiyyətinin təminatı üçün $65 mln.-dan çox sərmayə yatıracaq.
“2011-ci il “Azərfon” müştəriləri üçün əhəmiyyətli dəyişikliklər ili olacaq. 2011-ci ildə şəbəkə təkmilləşdirilməsi planımıza əsasən, biz 2G və 3G stansiyalarının sayını əhəmiyyətli dərəcədə artıracaq, şəhərin bütün metro stansiyalarında tam şəbəkə əhatəsini təmin edəcək və Azərbaycanın mobil internet sürətində növbəti sıçrayış olacaq 4G şəbəkəsini quraşdıracağıq. Biz 3G və 4G texnologiyası bazarında lider olan “Nokia Siemens Network”u seçdik” – deyə məlumatda “Azərfon”un baş icraçı müdiri Yurgen Pitzə istinadən bildirilib.
“Biz “Azərfon”un 2011-ci ildə şəbəkənin müasirləşdirilməsi və genişləndirilməsi planının icraçısı seçildiyimiz üçün çox şadıq. “Azərfon”la imzaladığımız müqavilə GSM şəbəkəsinin müasirləşdirilməsini, yeni 3G stansiyalarının quraşdırılması və LTE (4G) şəkəsinin “Nokia Siemens Networks”ün həlləri əsasında qurulmasını nəzərdə tutur. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru öz şəbəkəsinin əsaslı yenilənməsi üçün NSN şirkətini seçib və beləliklə, 2011-ci ildə şirkətin abunəçiləri dünya standartlarına tam cavab verən mobil rabitə xidmətlərindən istifadə edə biləcəklər”, - deyə məlumatda NSN-nin MDB ölkələri üzrə rəhbəri Ernst Nasslın sözlərinə istinadən vurğulanıb.
“Azərfon” MMC kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də “Nar Mobile” ticarət markası altında başlayıb. Şirkətin abonentlərinin sayı 1,7 mln. nəfərdir və ölkə ərazisinin 80%-ni əhatə edir.
“Azərfon” MMC Azərbaycanda 3G xidmətlərinin göstərilməsi üçün lisenziyaya malik yeganə mobil operatordur.