Avropa İttifaqı (Aİ) Azərbaycan hökuməti ilə danışıqlarda insan hüquqları və azadlıqlarının müdafiəsinə xüsusi diqqət ayıracaq, o cümlədən yerli vətəndaş cəmiyyətinin inkişafına dəstək göstərəcək. Bu barədə Aİ-nin respublikadakı nümayəndə heyətinin üzvü Jerom Pons bəyan edib.
“Biz Azərbaycan hökuməti ilə dialoq aparırıq və bundan sonra da hüquq və azadlıqların təminatı məsələsinə diqqət cəlb etmək niyyətindəyik”, - deyə o Avropa institutlarının Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinin yaxşılaşdırılmasına kömək göstərməsinə həsr edilmiş ikigünlük seminarın açılışında bildirib.
J.Pons Azərbaycanda QHT-lərin qeydiyyat məsələlərinin həlli də daxil olmaqla onların fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasının zəruri olduğunu qeyd edib. “Avropa İttifaqı burada bütün mövcud problemlərin aradan qaldırılması üçün sehrli çubuğa malik deyil. Buna görə də biz bu qeyri-hökumət təşkilatları vasitəsilə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını diqtə deyil, təşviq etməyə çalışırıq”, - deyə Avropa İttifaqının nümayəndəsi əlavə edib.
Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Əlimirzamin Əsgərov bildirib ki, ölkə hökuməti vətəndaş cəmiyyətinin inkişafına kifayət qədər diqqət ayırır. “Qeyri-hökumət təşkilatlarına yardım göstərilməsi haqqında konsepsiyanın qəbulu, həmçinin ölkə prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Fondunun yaradılması bu diqqətin parlaq təzahürüdür”, - deyə o vurğulayıb.
“Hesab edirik ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycanın Avropaya inteqrasiyası prosesini sürətləndirə bilər. Digər tərəfdən, hesab edirik ki, qeyri-hökumət təşkilatları Azərbaycanda Avropa dəyərlərini tətbiq etməyə kömək edə bilər”, - deyə diplomat qeyd edib.