Azərbaycan taekvondo yığması 18-23 avqustda Çində keçiriləcək XXVI Yay Universiadası ərəfəsində son məşqləri keçirir. Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Respublikanın əməkdar məşqçisi və komandanın baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərlik edəcəyi milli nümayəndə heyətinə Samir Aydınov (46 kq), Vüsal Məmmədov (58 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Ceyhun Həsənli (87 kq) və Aydın Bəhmalov (+87 kq) daxil olacaq. Çin Universiadasında qadın idmançılardan Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Kim Vonk Yunq (67 kq) iştirak edəcək. Qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Parkdır.
Mətbuat xidmətinin məlumatına görə, yerli idmançılar Cənubi Koreyada keçirilən iki beynəlxalq yarışda bir neçə medal qazanıblar. Belə ki, “Chung Cheon Open” yarışında azərbaycanlı idmançı Fəridə Əzizova (67 kq) qızıl, Günay Ağakişiyeva (57 kq) gümüş medal qazanıb. “Gyeong nam Open” turnirində Səbinə Mikayılova (62 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Türkanə Tahirli (49 kq) isə ikinci yeri tutub.