Azərbaycanın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Bakı Fond Birjasında (BFB) 50 mln. manat məbləğində istiqrazların yerləşdirilməsini başa çatdırıb. Bu barədə korporasiyanın məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, istiqrazlar bir sıra bankların və institusional investorların böyük marağına səbəb olub.
Emissiya nominalı 1 min manat olan 50 min istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 3 il, illik gəlirliliyi 12,5% təşkil edir və hesablanmış faizlər hər rübün son günü istiqraz sahiblərinə ödənilir.
Məlumatda vurğulanır ki, istiqrazların yerləşdirilməsi kosporasiyaya maliyyə bazarlarının aktivliyini artırmağa və maliyyə alətlərini diversifikasiya etməyə imkan verəcək.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin həyata keçirdiyi 19 infrastruktur layihəsindən 9-u Azərbaycandadır. Korporasiyanın reallaşdırdığı bütün infrastruktur layihələri üzrə müqavilələrin ümumi dəyəri 1,04 mlrd. manat təşkil edir. Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Əfqanıstanda həyata keçirilən 10 layihənin ümumi məbləği 659,5 mln. manat təşkil edir. Azərbaycandakı layihələrin ümumi məbləği 380,5 mln. manat təşkil edir.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2010-cu ilin avqustunda təsis edilib. Onun təsisçiləri “Akkord İnşaat Sənaye” Açıq Səhmdar Cəmiyyəti və “Yeni İnşaat Konsaltinqi” MMC-dir. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Korporasiya Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur. Ümumilikdə, korporasiya 38 zavoda malikdir.